Microsoft 2019 və sonrası üçün kiber təhdidlər və təhlükəsizliyin qorunmasında ən yeni trendləri açıqladı. Süni intellekt, bulud texnologiyası, kvant texnologiyası, botnetlər kiber təhlükəsizliyin əsas mövzuları olacaq. Yeni texnologiyalar şirkətlərə üstünlüklər qazandırsa da, yeni nəsil təhdidləri də özü ilə birlikdə gətirir.
Microsoft kiber təhdidlərin öhdəsindən gəlmək üçün 2019-cu ildə istifadə olunacaq metodları və təhlükəsizliklə bağlı proqnozlarını təqdim edib. Süni intellekt kiber təhlükəsizlik üçün əsas vasitə olacaq. Dünya səviyyəsində süni intellekt xərclərinin 2020-ci ilə qədər 46 milyard dollara çatması gözlənilir və bu böyümənin 25%-i bank və maliyyə təhlükəsizliyi sahələrində olacaq. Orta Şərq və Afrikada 2017-ci ildə 37,5 milyon dollar olan süni intellekt bazarının 2021-ci ildə 100 milyon dolları keçəcəyi proqnozlaşdırılır. Hər nə qədər kiber cinayətlərin 2021-ci ilə qədər dünyaya 6 trilyon dollara başa gələcəyi gözlənilsə də, süni intellekt həlləri ilə beynəlxalq iqtisadiyyata 15,7 trilyon dollara qədər fayda verəcəyi bildirilir. Təhlükəsizliyin vacib elementi olan bulud texnologiyasında təhlükəsizlik xərclərinin 2021-ci ilə qədər 3,5 milyard dollara yüksələcəyi gözlənilir. 2019-da hakerlər daha mürəkkəb üsullarla təhlükəsizlik tədbirlərini aşmağa çalışaraq fəaliyyətlərini sürətləndirəcəklər.
Hakerlər üçün asan hədəf kimi tanınan sistemlərin başında təhlükəsizlik boşluqları olan bulud mühitləri gəlir. “Botnet” və “ransomware” hücumları xüsusilə aktuallığını qorumaqda davam edir. “Botnet” — “robot” və “network” sözlərinin birləşməsindən yaranıb və hakerlərin eyni anda bir çox cihazı idarə etməsinə imkan verən zərərli proqram şəbəkəsidir. 2019-cu ildən etibarən intuitiv üsulların botnetlərlə mübarizədə ən təsirli vasitələrdən biri olacağı gözlənilir. Son bir ildə WannaCrypt virusu 230.000-dən çox kompüteri yoluxdurub. Bu kimi ransomware hücumları 2019-cu ildə də kiber cinayətkarlar tərəfindən geniş istifadə ediləcək. 2020-ci ilə qədər korporativ hücumların 25%-dən çoxunun IoT üzərindən ediləcəyi, İT təhlükəsizlik büdcələrinin isə 10%-nin IoT-yə yönəldiləcəyi proqnozlaşdırılır.
Mənbə: globaltechmagazine.com
Tərcümə edən: Yusif Süleymanlı



