Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçirilir

Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri

Bu gün “Bakı Konqres Mərkəzi” MMC-də “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri işə başlayıb.

“Report” xəbər verir ki, sabah başa çatacaq tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə baş tutub.

CIDC-2023-də 14 yerli və 27 xarici şirkət, 5 dövlət qurumu və 8 startap təmsil olunur, 1 700-dən çox qonaq iştirak edir. DTX-nın rəisi Əli Nağıyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev də iştirakçılar arasındadır.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək.

İlqar Musayev: “İT-nin rolunun artması təhlükəsizlik məsələsini ön plana çıxarır”

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev

Müasir dövrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiya texnologiyalarının (İT) rolunun artması informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır.

“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

O, əlavə edib ki, informasiya texnologiyalarının qlobal miqyasda yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə təminatı ilə yanaşı, kibercinayətkarlığın da meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarır.

“Məhz bu səbəbdən cəmiyyətin və dövlət qurumlarının informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi ölkəmizin prioritet məsələlərindən biri hesab olunur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirir. Kiberhücum vektorlarının analizi hakerlərin əsas hədəflərindən birinin məhz son istifadəçilər olması qənaətinə gəlməyə imkan verir. Bu da sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyacın olduğunu göstərir.

Belə ki, günümüzdə bir çox kiberhücumların, eləcə də adi gündəlik dələduzluq hallarının məhz insanları son istifadəçiləri hədəf almasını görürük. Sistemlərə edilən kiberhücumlar hakerlərdən daha çox enerji, bilik, resurs tələb etdiyindən istifadəçiləri hədəf almaq kütləvilik baxımından daha az maddiyyat tələb edir. Mürəkkəblik baxımından isə hakerlər üçün daha asan başa gəlir. Bu baxımdan informasiya təhlükəsizliyinin təmini məqsədi ilə yeni nəsil texnologiyaların tatbiqi kifayət etmir”, – deyə o qeyd edib.

İ. Musayev onu da deyib ki, bu prosesdə son istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması, onların hazırlıq səviyyəsinin yüksəldilməsi də çox vacibdir: “Bununla bağlı Xidmətimiz dövlət qurumlarının əməkdaşları üçün Kibergigiyena layihəsi, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviqini, “İnformasiya Təhlükəsizliyi Təqvimi” layihəsi üzrə hər ay müxtəlif mövzular üzrə seminarlar və digər maarifləndirmə tədbirləri həyata keçirilir. İnformasiya təhlükəsizliyi sahəsində görülən işlər, təhlil edilən kibertəhdidlər və tədqiq edilən kiberinsidentlərlə bağlı dövlət qurumları ilə yanaşı cəmiyyətin və vatandaşların kibertəhlükələr barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür”.

Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

informasiya təhlükəsizliyi

Azərbaycanda bakalavriat səviyyəsində – informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, yeni proqram rəhbərlik etdiyi qurumla Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə, ölkənin aparici ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssisləri cəlb etməklə, Türkiyə, Almaniya, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb.

“Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi üçün keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri xüsusi əhəmiyyətə malikdir. Kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya gəlib fikir mübadiləsi aparması, özəl və dövlət sektor arasında əlaqələrin qurulması və bu tip tədbirlərin mütəmadi olaraq keçirilməsi milli kibertəhlükəsizlik ekosis teminin formalaşdırılmasında xüsusi rol oynayır. Kiberhücumların simulyasiyası ilə keçiriləcək kibermüharibə yarışının iştirakçılarına uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram!”, – deyə Ə.Nağıyev qeyd edib.

Əli Nağıyev: “Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır”

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev

Azərbaycanda “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları” və “Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

“Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, 9 indikator üzrə (kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər və s.) əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020″ (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir”, – deyə Ə.Nağıyev qeyd edib.

Yeni elektron kitabxana yaradıldı

e-lib.az

Noyabrın 8-i tarixində “Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği” layihəsi nəticəsində yaradılmış e-lib.az saytı ictimaiyyətə təqdim olunmuşdur.

Layihə “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Zoom platforması üzərində keçirilən təqdimat mərasimində QHT rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Layihə rəhbəri Samir Həsənov tədbir iştirakçıları 8 noyabr Zəfər bayramı münasibətilə ürəkdən təbrik edərək, onlara neçə belə xoş günlər arzulamışdır.

Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə ölkədə keçirililən bir çox faydalı layihələrin həyata keçirildiyi barədə iştirakçıları məlumatlandırmış və elektron kitabxanaların faydaları barədə məlumat vermişdir. Layihənin eksperti Yusif Süleymanlı saytın funksiyaları ilə tədbir iştirakçılarını tanış etmiş və suallarını cavablandırmışdır.

Azərbaycanda məlumat təhlükəsizliyi üzrə nəzarət mexanizmləri necə qurulmalıdır?

Azər Əlili
Azər Əlili

Azərbaycanda məlumat təhlükəsizliyi üzrə nəzarət  mexanizmlərinin düzgün qoyulub-qoyulmadığı ciddi yoxlanılmalıdır.

Bu sözləri Türk.az-a açıqlamasında  PASHA Holdingin İnformasiya texnologoyiları üzrə Audit mərkəzinin rəhbəri Azər Əlili bildirib.

Qeyd edək ki, Azər Əlili yaxın günlərdə Dubayda keçirilən “Təhlükəsizlik  Tədbirləri sektorunda yenilikləri  göstərən lider” tədbirində (https://isnrabudhabi.com) ölkəmizi təmsil edib. Ölkəmizdə İT audit sahəsi üzrə ən çox  təcrübə, beynəlxalq sertifikatlar, seminar iştirakçısı və yerli və xarici bir çox şirkətə konsultasiya verməklə lider xüsusiyyətləri özündə birləşdirən Azər Əlili bildirib ki, İnformasiya Texnologiyalarının  artıq iş həyatının hər sahəsində çox əhəmiyyətli yeri var. Texnologiyanın alətləri sayəsində müxtəlif işləri yerinə yetirə bilir. “Kompüterdə bir çox hesabatlar yaradaraq, lazımi sorğular həyata keçirərkən, maraqlı tərəflərə təklif olunan xidmətlərin  səmərəliliyi və müxtəlifliyini artırır, bununla da məlumatı çox sürətlə paylaşa bilirik”, – deyə vurğulayıb.

2011-ci ildən PASHA Holdingdə İT Auditin qurulmasında iştirak və rəhbərlik edən Azər  Əlili 2019-cu ildə daha da peşəkar komanda formalaşdıraraq 10 nəfərdən çox  əməkdaşı olan İTEC (İnformation Technology Excellence Center) altında İT audit yoxlamalarının aparılmasını artıq daha ətraflı və beynəlxalq standartlar çərçivəsində olmasını təmin edib.

A.Əlili bildirib ki, hüquqi öhdəliklər və reputasiya ilə bağlı narahatlıqlar təşkilatları böyük  büdcələrlə təhlükəsizliyə investisiya qoymağa məcbur edir: “Bununla belə, nə qədər  təhlükəsizlik kifayət edəcək? Bu suala cavab vermək çox çətindir. Bunun həddihüdudu ilə bağlı qəti qərara gəlmək mümkün deyil. Hər keçən gün yeni hücum modeli  və ya bahalı sistemlərdə kiçik bir zəifliyin istismarı nəticəsində məşhur şirkətlərdən  əhəmiyyətli məlumat sızması ilə bağlı xəbərlər gəlir. Təhlükəsizliyə nəzarət və nəzarət  mexanizmlərindəki zəifliklər əsas təhlükəsizlik prinsiplərinin nə dərəcədə yerinə yetirildiyi və ya pozulduğu dərəcəsi əsasında qiymətləndirilir. Bunun nəticəsində qarşılaşdığımız əsas risklər isə reputasiyanın itirilməsi, maliyyə itkisi və requlyatorun və standartların tələblərinin pozulmasıdır. Hamımızın bildiyi kimi, proseslərə nəzarəti  mütəmadi olaraq izləmək və qiymətləndirmək vacibdir. Nəzarət mexanizmlərinin layihələndirilməsi, həyata keçirilməsi və icrasına cavabdeh olan şəxslərdən başqa biri  tərəfindən qiymətləndirilməsi qiymətləndirmənin keyfiyyətini artırır. Təşkilatların  ümumilikdə informasiya təhlükəsizliyinə və xüsusilə kibertəhlükəsizliyə nəzarəti  müstəqil və səlahiyyətli bir yanaşma ilə yoxlanılmalı və qiymətləndirilməlidir”.

Qeyd edək ki, Azər Əlili 2007-ci ildən İT sferasında çalışır. Bu keçən illərdə İT  audit, informasiya təhlükəsizliyi, İT risklərin idarəedilməsi sahələrində bir çox  beynəlxalq sertifikat və mükafatlara layiq görülüb. 2019-cu ildən təşəbbüsü ilə qurulan İT Audit yoxlama mərkəzində bu sahədə potensiallı gənclərin yetişdirilməsi,  inkişafı ilə məşğul olur. Öz komandası ilə ölkənin ən böyük struktura malik holdinginin  bütün strateji aktivləri üzrə İT Auditlərə rəhbərlik edərək bu sahə üzrə ölkəmizdə əvəzsiz təcrübə və biliklərə malikdir.

İranda YDM-lərə kiberhücumun nəticələri qismən aradan qaldırılıb

İranda YDM-lərə kiberhücumun nəticələri qismən aradan qaldırılıb

İranda hökumət günün sonunadək ölkədəki bütün yanacaqdoldurma məntəqələrinin işini bərpa edəcək.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran neft məhsulları emalı və paylanması üzrə mili şirkətinin direktoru Cəlil Salari bildirib.

Onun sözlərinə görə, hazırda İran üzrə yanacaqdoldurma məntəqələrinin 80 faizi iş rejimini bərpa edib.

C.Salari deyib ki, 300-ə yaxın mütəxəssisdən ibarət qrup sistemin işinin bərpası ilə məşğuldur.

İran televiziyasının məlumatına görə, kiberhücum nəticəsində yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayanıb.

Hakimiyyət hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, oktyabrın 26-da İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyətində fasilə yaranıb. Bu məntəqələrdə böyük növbələr yaradıb. Əhali bu hadisə ilə bağl hakimiyyətə etiraz edib.

ABŞ Dövlət Departamenti davamlı haker hücumları ilə əlaqədar kiberbüro yaradacaq

ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti artan haker hücumları ilə əlaqədar Kiberməkan və Rəqəmsal Siyasət üzrə Büro yaratmağı planlaşdırır.

AZƏRTAC Dövlət Departamentinin nümayəndəsi Ned Praysın bəyanatına istinadla xəbər verir ki, büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək. Bu il hakerlər bir çox Amerika şirkətlərinə hücum ediblər. Belə hücumlardan biri “Colonial Pipeline” boru kəməri operatoruna qarşı həyata keçirilib və ABŞ-ın şərq sahillərində müvəqqəti yanacaq çatışmazlığına gətirib çıxarıb. Hakerlər, həmçinin Ayova ştatından olan kənd təsərrüfatı şirkətinə hücum ediblər, bu da Orta Qərbdə taxıl yığımında fasilələrlə əlaqədar narahatlığa səbəb olub.

Qeyd edək ki, iki həftə əvvəl Maliyyə Nazirliyi bu ilin ilk altı ayı ərzində ABŞ-da şantajçı hakerlərə ümumilikdə 590 milyon dollar məbləğində ödəniş edildiyini bəyan etmişdi.

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

safety internet

Fevralın 9-da “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin iştirakı ilə təşkil olunacaq vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.

Elektron ticarətin təbliğinə həsr edilən onlayn seminarlar tamamlandı

“Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu mövzusunda onlayn seminarların təşkili” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə həyata keçirdiyi 2020-ci il qrant müsabiqəsinin qalibi olan “Ulduz” informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyinin tərtib etdiyi “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu mövzusunda onlayn seminarların təşkili” layihəsini həyata keçirildi.

Semnarların məqsədi sahibkarlara və eləcədə sahibkarlıq fəaliyyəti ilə yeni başlayanlara elektron ticarət və onlayn satış haqqında bilgi vermək ibarət idi.  Elektron ticarətlə məşğul olan zaman yarana biləcək problemlər və onların həlləri yolları barədə geniş məlumat verilmişdir.

“Ulduz” informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən həyata keçirələn seminarlar onlayn şəkildə Zoom proqramı üzərindən təşkil edildi. Seminar ictimai birlik tərəfindən yaradılan facebook səhifəsində canlı yayımlanmışdır. Eləcədə seminarların videoları youtube video hostinqində dərc edilmişdir.

Keçirilən seminarlar zamanı seminar iştirakçılarının sualları cavablandırmışdır. İştirakçılar əsasən elektron ticarətə necə başlamaq olar, ƏDV-ni necə geri almaq, Taxfree nədir, xaricdən ölkəyə malı gətirmək, beynəlxalq ticarət platformaları eləcədə yerli ticarət platformaları barədə suallara cavab axtarırdılar.

Seminarlar 1 saat olmaqla 10 dəfə keçirilmişdir.

“Ulduz” informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə eləcədə seminar iştirakçılarına öz təşəkkürünü bildirir.

- reklam -