Son dövrlər dünyada yeni və narahatedici kiberdələduzluq üsulu yayılmaqdadır. Dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlara yaxınlaşaraq mobil telefon vasitəsilə kömək istədiklərini bildirirlər. İlk baxışda adi görünən bu müraciətlər əslində şəxsi biometrik məlumatların ələ keçirilməsi məqsədi daşıya bilər.

Məlumata görə, qarşı tərəfin telefonunda istifadəçinin xəbəri olmadan gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv vəziyyətdə ola bilər. Belə hallarda vətəndaşın üz görüntüsü, səs məlumatları və bəzi hallarda ekranla qarşılıqlı əlaqə (toxunuş) məlumatları qeydə alınır. Toplanan bu məlumatlar sonradan müxtəlif kiberdələduzluq və şəxsiyyət saxtalaşdırılması məqsədləri üçün istifadə oluna bilər.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara bu cür təhlükələrdən qorunmaq üçün bir sıra preventiv kibergigiyena qaydalarına əməl etməyi tövsiyə edir:

  • Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;
  • Naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı aparmayın;
  • Kamera və səsli təsdiq tələb edən hallarda diqqətli olun;
  • Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;
  • Yaşlı şəxsləri və azyaşlıları bu yeni üsullar barədə məlumatlandırın.

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə biometrik məlumatlar – üz görüntüsü və səs nümunələri – adi məlumatlardan daha həssas hesab edilir. Çünki bu məlumatların dəyişdirilməsi mümkün deyil və onların ələ keçirilməsi gələcəkdə ciddi təhlükəsizlik riskləri yarada bilər.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya ETX-nin info@cert.az elektron poçt ünvanına və “1654” qaynar xəttinə məlumat vermək tövsiyə olunur.

top_banner