Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, yerli məhsulların inkişafı və rəqəmsal suverenliyin təmin olunması prioritet istiqamətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov noyabrın 20-da Bakıda keçirilən “Proxima Cyberday 2025”də bildirib.
Tural Məmmədov deyib ki, son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli şirkətlərin sayının artması sevindirici haldır. Onun sözlərinə görə, belə şirkətlərin qarşısında duran əsas vəzifələrdən biri yerli məhsulların hazırlanması və ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsidir.
XRİTDX rəsmisi iki gün əvvəl baş vermiş və 9000-dən çox resursun fəaliyyətinə təsir edən kiberinsidentin yalnız “Cloudflare hadisəsi” kimi qiymətləndirilməsinin doğru olmadığını, bunun xüsusən özəl sektorda xarici asılılığın doğurduğu riskləri bir daha göstərdiyini qeyd edib. O vurğulayıb ki, təsirlənən resursların əhəmiyyətli hissəsi media resursları olub və bu, informasiya müharibəsinə hazırlığın təmin edilməsində yerli həllərin vacibliyini bir daha önə çıxarır.
Tural Məmmədov bildirib ki, dövlətin həyata keçirdiyi siyasət nəticəsində lokal mühafizə mexanizmlərinə üstünlük verilir. Son üç ildə 457-dən çox dövlət qurumunun şəbəkə təhlükəsizliyi “AzStateNet” şəbəkəsi üzərinə keçirilməklə lokallaşdırılıb və tam yerli mühafizə təmin edilib.
O əlavə edib ki, ölkədə qlobal internetlə bağlı kəsinti baş verəcəyi təqdirdə belə, bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti lokal mühitdə tam təmin olunacaq. XRİTDX tərəfindən güc strukturları və kritik infrastruktur üçün təmin edilən xüsusi rabitə və radiorabitə xidmətləri də mobil şəbəkələrdən asılı olmadan işləyir. Həmçinin dövlət qurumlarında tətbiq olunan və vatsapa alternativ kimi təqdim edilən “TİMS” platforması xarici asılılığı azaltmağa xidmət edən yerli həllərdən biridir.
XRİTDX rəsmisi “Proxima” kimi şirkətlərin inkişafının ekosistemin güclənməsinə ciddi töhfə verəcəyini bildirib və tədbirdə ilk dəfə özəl sektor tərəfindən genişmiqyaslı yan laboratoriyalar təşkil olunmasını yüksək qiymətləndirib.



