Apple və Google Qazaxıstan, Özbəkistan və Tacikistan istifadəçilərini haker hücumlarının riski barədə xəbərdar edib.

Apple və Google bildirdilər ki, bu, Mərkəzi Asiyada istifadəçilərə yönəlmiş genişmiqyaslı kibercasusluq kampaniyasıdır. Hər iki şirkət vurğulayıb ki, hücumların arxasında dövlət strukturları durur və onlar casus proqram təminatı vasitəsilə smartfonlara gizli giriş əldə ediblər.

Google 3 dekabrda açıqlayıb ki, təsbit olunan bütün zərərçəkmiş istifadəçilərə xəbərdarlıq göndərilib. Şirkətin məlumatına görə, Intellexa tərəfindən yaradılmış “Predator” casus proqramı Qazaxıstan, Özbəkistan, Tacikistan, eləcə də Pakistan, Misir, Angola və Səudiyyə Ərəbistanında bir neçə yüz istifadəçi hesabına qarşı tətbiq edilib.

Google qeyd edib ki, Intellexa — ABŞ tərəfindən sanksiyaya məruz qalmış bir şirkətdir.

Apple isə 2 dekabrda mümkün casusluq barədə xəbərdarlıq göndərildiyini bildirib. Şirkət hücuma məruz qalan istifadəçilərin sayını açıqlamayıb, amma xəbərdarlıqların 150-dən çox ölkəyə ünvanlandığını bildirib.

Casus “Predator” sistemi zərərçəkmişlərin cihazına — kameraya, mikrofona, geolokasiyaya və şifrəli mesajlaşma tətbiqlərindəki yazışmalara tam giriş imkanı verir.

Google bildirib ki, bu cür xəbərdarlıqlar beynəlxalq istintaqların başlanğıcı ola bilər. Əvvəllər belə hallar Avropa İttifaqı səviyyəsində araşdırmalara səbəb olmuşdu — bəzi dövlət rəsmiləri və jurnalistlər casus sistemlərin hədəfi olmuşdu.

Intellexa 2019-cu ildə, bir zamanlar İsrailin kəşfiyyatında çalışan bir zabit tərəfindən yaradılıb. 2024-cü ildə ABŞ bu şirkətə qarşı sanksiyalar qoymuşdu — səbəb onun texnologiyalarından ABŞ rəsmiləri və jurnalistlərinə qarşı istifadə edilməsidir.

Ekspertlər istifadəçilərə maksimum ehtiyatlı olmağı tövsiyə edirlər: tanımadıqları linklərə klik etməmək, şübhəli faylları açmamaq və onlayn reklamlarla qarşılıqlı fəaliyyəti minimuma endirmək vacibdir.

top_banner