Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir.

Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. O vurğulayıb ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır. Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasını imzaladığını diqqətə çatdırıb.

Elmir Vəlizadə kiberhücumların əsas hədəflərindən birinin də fərdi və digər konfidensial məlumatlar olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlanan “Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyası”nın layihəsində öz əksini tapıb.

Daha sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu kibertəhlükəsizliyin təmin olunmasının BTİ-nin fəaliyyətində əsas istiqamətlərdən olduğunu bildirib. Ölkəmizin BTİ Şurasının üzvü olduğunu vurğulayan qurum rəsmisi deyib ki, Azərbaycan təşkilatın fəal tərəfdaşlarındandır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti müasir dövrdə dünyada internetin getdikcə daha çox fəaliyyət sahələrinə nüfuz etdiyini söyləyib.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

“Kibertəhlükəsizlik konfransı” sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edir.

“Kibertəlükəsizlik konfransı”nda dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edir.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilir.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin