Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası ilə hazırlanmış və sosial şəbəkələrdə yayılan video reallığı əks etdirmir.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, sözügedən saxta video bir sıra sosial şəbəkə hesabları vasitəsilə yayılıb.
Açıqlamada qeyd olunur ki, süni intellekt vasitəsilə hazırlanmış bu dezinformasiya nümunəsi ictimai rəyi çaşdırmaq məqsədi daşıyır və Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji müttəfiqlik münasibətlərinə zərər vurmağa yönəlib. Saxta məzmun iki qardaş ölkə arasında qarşılıqlı etimadı sarsıtmaq məqsədi güdür.
MEDİA cəmiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, jurnalistləri və ictimai fəalları isə bu kimi hallara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Qurum xüsusilə “deepfake” texnologiyaları əsasında hazırlanan saxta məlumat kampaniyalarının artdığı bir dövrdə daha diqqətli və sayıq olmağın vacibliyini vurğulayıb.
Eyni zamanda, MEDİA sosial şəbəkə platformalarının sahiblərini və aidiyyəti qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu cür halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edib.



