“AZCON Holding”in tərkibinə daxil olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Layihənin əsas məqsədi müəllimlər arasında internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn risklərdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

Cari mərhələdə korporativ sosial məsuliyyət layihələri çərçivəsində keçirilən tədbir zamanı Gəncə–Daşkəsən, Lənkəran–Astara, Quba–Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən ümumilikdə 100 müəllim üçün onlayn təlimlər təşkil olunub.

“Aztelekom”un mütəxəssisləri tərəfindən aparılan təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən müdafiə üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.

Sessiyalar iştirakçıların fəal iştirakı, real situasiyalar üzərində müzakirələr və praktik yanaşmalar əsasında keçirilib. Layihənin növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, layihə indiyədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərində çalışan müəllim və şagirdləri əhatə edib.

top_banner