ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) öz informasiya sistemlərinə kiberhücum edildiyini açıqlayıb. Hücum nəticəsində dövlətə məxsus gizli və mühüm məlumatların ələ keçirilməsi ehtimal olunur.
Büdcə İdarəsində təxminən 275 nəfər çalışır və qurum Konqres üzvlərinə ölkə büdcəsinin hazırlanması üçün maliyyə hesablamaları və analitik məlumatlar təqdim edir. Qanun layihələri müzakirəyə çıxarıldıqda, onların dövlət büdcəsinə təsiri məhz Büdcə İdarəsi tərəfindən qiymətləndirilir.
Qurumun nümayəndələri bildiriblər ki, kiberhücum aşkar edildiyi andan etibarən təhlükənin qarşısını almaq və sistemləri qorumaq üçün tədbirlər görülüb. Sistemlərdə əlavə monitorinq və təhlükəsizlik mexanizmləri işə salınıb.
The Washington Post öz mənbələrinə istinadən yazır ki, hücum xarici dövlətlə əlaqəsi olan hakerlər tərəfindən həyata keçirilib. Məlumata görə, Konqres üzvləri və Büdcə İdarəsi analitikləri arasında gedən elektron yazışmaların və məlumat mübadiləsinin sızması təhlükəsi var.
Rəsmi şəxslər hələlik bu versiyanı təsdiqləmir və bildirirlər ki, araşdırma davam edir.
Ekspertlər hesab edir ki, hücum ölkə üçün ciddi nəticələr doğura bilər. Büdcə İdarəsinin məlumatları ABŞ-ın iqtisadi və maliyyə qərarlarının əsasını təşkil edir. Məlumat sızması, daxili yazışmaların, hesabat layihələrinin və iqtisadi proqnozların ortaya çıxmasına səbəb ola bilər.



